Bakıda və Abşeron yarımadasında sentyabrın 17-si gündüzdən 18-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 17-si axşamdan 18-i gündüzədək isə yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.
Xidmətdən FED.az-a verilən xəbərə görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Sentyabrın 17-si qərb rayonlarından başlayaraq 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Lənkəran-Astara, Mərkəzi-Aran, Qarabağ və Şərqi Zəngəzur) yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay; Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay; Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.