Son günlər yağan yağışlar Kür çayında sululuğun artmasına səbəb olub.
"Bu il Azərbaycanda fermerlərə dəymiş zərər 50-70% arta bilər"
FED.az xəbər verir ki, çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kürün məcrasından çıxması və ətrafa yayılması nəticəsində əkin sahələri və təsərrüfatlara ziyan dəyib.
Fəsadlar əsasən rayonun Aşağı Salahlı kəndinin ərazisini əhatə edib. Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində hektarlara örüş və əkin sahələrinə ziyan dəyib. Kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatları sonuncu dəfə ötən ilin may ayında sel suları altında qalıb.
Aşağı Salahlı kənd icra nümayəndəliyindən bildirilib ki, təbii fəlakət nəticəsində 4 ha günəbaxan sahəsinə və 10 ha örüş torpaqlarına ziyan dəyib.
Qeyd olunub ki, Kürün su basma ehtimalı olan ərazilər nəzarətdə saxlanır və lazım gəldikdə texnikalarla da müdaxilə ediləcək. Suyun səviyyəsində ötən günlərə nisbətən enmə müşahidə edilir.
Qazax rayon İcra Hakimiyyətindən bildirilib ki, 14-16 aprel 2025-ci il tarixlərində yağan güclü yağışlar səbəbindən Kür çayında suyun həcminin artması nəticəsində Qazax rayonunun Aşağı Salahlı kəndində 5 hektar örüş və Orta Salahlı kəndində sakinlərə məxsus 15 hektar biçənək sahələrinə ziyan dəyib, Coğaz və Ehram çaylarında suyun həcminin artması nəticəsində Dəmirçilər kəndində uzunluğu 27 metr və İkinci Şıxlı kəndində uzunluğu 204 metr olan körpülər qəzalı vəziyyətə düşüb.