“Respublika ərazisində olan bütün çay yataqlarında aparılan istismar işləri ilə bağlı monitorinqlər keçirilib”.
FED.az xəbər verir ki, bunu ETSN-nin “Ekspert saatı”nda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib. O bildirib ki, baxış zamanı bu sahədə böyük nöqsanlar olduğu müəyyənləşib: “Əsas nöqsan ekoloji tarazlığın pozulması ilə səciyyələnir. Bu fəaliyyət nəticəsində ekologiyaya ciddi ziyan dəyir. Çay yataqlarının qiymətləndirilməsi hökumətin tapşırığına əsasən həyata keçirilir”.
S.Qurbanov qeyd edib ki, İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb və bununla bağlı lazımi hüquqi addımlar atılıb: “Həm dronlarla, həm də yerli müşahidələr zamanı kənara çıxmalar qeydə alınıb”.
Onun sözlərinə görə, ötən il 100-dən çox karxananın fəaliyyəti qiymətləndirilib: “Nəticələrlə bağlı həm hüquq-mühafizə, həm də məhkəmə orqanlarına müraciət etmişik”.