Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyevin müsahibəsini sizə təqdim edirik:
- Ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması ilə bağlı yoxlamaların ardınca meşə fondu torpaqlarından istifadə vəziyyəti də araşdırılır. Bu hansı zərurətdən irəli gəlib?
- Əksər hallarda meşə fondu ərazisində olan iaşə obyektləri kənardan gözəllik, zövq yaratmaq əvəzinə, əksinə öz natəmizliyi, zövqsüzlüyü və meşə torpağının aşırı istismarı ilə insanlarda ikrah hissi yaradır. Bunları görənlər isə iaşə obyektlərinin sahiblərini deyil, haqsız olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyini qınayır. Xüsusi komissiya tərəfindən meşə fondu ərazilərində torpaqdan istifadə vəziyyəti ilə əlaqədar araşdırmalar aparılır. Belə ki, bir sıra obyekt sahibləri tərəfindən müqavilə şərtləri pozularaq əsaslı tikililərin aparıldığı və primitiv üsulla qanunsuz salınmış tikililər, estetik tələblərə cavab verməyən obyektlər sökülür. Ərazinin əvvəlki vəziyyətinə gətirilməsi üçün tədbirlər görülür.
- Bu istiqamətdə aparılan araşdırmaların nəticəsi məlumdurmu?
- Artıq araşdırmalara Quba rayonundan başlanılıb. Məsələn, Quba rayonunda Quba-Qəçrəş yolunun kənarında meşə fondu torpağında zövqsüz tikililər, üfunət iyi verən primitiv sanitar qovşaqları tikiblər. Xarici qonaqlar, turistlər, hamı bu xoşagəlməz mənzərəni görür və onların haqlı narazılığına səbəb olur, bu barədə nazirliyə çoxsaylı şikayətlər daxil olur. Əlbəttə ki, bu cür vəziyyət yaratmaqla obyekt sahibləri təbiətə münasibətdə pis fikir formalaşdırır və bununla da ölkəni, hamımızı gələn xarici qonaqların yanında rüsvay edirlər. Qəçrəş yolunun kənarında fəaliyyət göstərən istirahət-rekreasiya məqsədilə müqavilə əsasında müvəqqəti istifadəyə verilmiş meşə fondu torpaqlarında 9 obyektdə araşdırma başa çatdırılıb, bu obyektlərdə müqavilə şərtlərinə zidd olaraq əsaslı tikintilərin, o cümlədən primitiv üsulla inşa edilmiş mətbəx, talvar, sanitar qovşağı, köşk və digər tikililərin olduğu, ekoloji və sanitar qaydalara riayət olunmadığı aşkar edilib. Eyni zamanda, çınqıl, daş, asfalt, beton örtüklərlə meşə torpağının örtülməsi torpağın üst qatının dəyişdirilməsinə, rekreasiya yükünün normadan artıq olmasına, təbii bərpa prosesinin qarşısının alınmasına gətirib çıxarıb. Həmçinin formalaşan tullantı sularının təmizlənmədən birbaşa meşə sahəsinə axıdılması, ağacların qanunsuz olaraq kəsilməsi, məişət tullantılarının qalaqlanması faktları da vardır. Bəzi hallarda isə müqavilə müddətinin bitməsinə baxmayaraq icarədarlar meşə ərazisindən çıxmaq istəmir, torpaqdan “beşəlli” yapışır, deyir ki, bu ərazi mənimdir.
Bütün bunlarla bağlı təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yarandığından həmin obyektlərdə söküntü işlərinə başlanılıb. Artıq bir sıra primitiv üsulla qanunsuz inşa edilmiş yardımçı tikililər, çardaqlar, köşklər və sanitar qovşaqları sökülüb. Eyni zamanda, obyektlərin sahiblərinə ərazilərindəki digər tikililərin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.
- Obyektlərin və sahiblərinin adları açıqlanacaqmı?
- Əlbəttə, bu adları ictimaiyyət də bilməlidir.
1.“Xudafərin” (sahəsi 3,0 ha, müqavilə müddəti bitib) - sahibi Bakı şəhər sakini Xəlilov Elşən Nadir oğlu;
2.“Xınalıq” (sahəsi 0,2 ha, zəbt 0,43 ha, müqavilə müddəti bitib) - sahibi Quba şəhər sakini Vəliyev Əli Əmir oğlu;
3.“Aynur” (sahəsi 2,5 ha, zəbt 0,64 ha, müqavilə müddəti başa çatmayıb) sahibi - Quba şəhər sakini Əhmədov Heybət Məmməd oğlu;
4.“Üç qardaş” (sahəsi 0,3 ha, müqavilə müddəti bitməyib) - sahibi Quba şəhər sakini Zülfüqarov Rəhim Əmir oğlu;
5.“Olimp” (sahəsi 1,0 ha, müqavilə müddəti başa çatmayıb) - sahibi Quba şəhər sakini Niftəliyev Kamran;
6.“Kamran” (sahəsi 0,1 ha, müqavilə müddəti bitib) - sahibi Quba şəhər sakini Ağaverdiyev Ceyhun Cavad oğlu.
7. “Əfsanə” (sahəsi 1,5 ha, zəbt 0,03 ha, müqavilə müddəti başa çatmayıb) sahibi - Quba şəhər sakini Ələkbərov Əli Hacı oğlu;
8. “Sərin Orman” (sahəsi 2,7 ha, müqavilə müddəti başa çatmayıb) - sahibi Quba şəhər sakini Ağayev Elman Mehdi oğlu;
9. “Yeni Həyat” (sahəsi 0,34, zəbt 0,18 ha, müqavilə müddəti başa çatmayıb) - sahibi Bakı şəhər sakini Babayev Ramiz Seyfulla oğlu.
Qeyd edim ki, bu işlər asan başa gəlmir, əməkdaşlarımız təhqirlərə məruz qalır, obyekt sahibləri ciddi müqavimət göstərir, onlar haqsız olduqlarına baxmayaraq, rayon icra hakimiyyətinə, digər instansiyalara şantaj dolu şikayətlər edirlər. Başa düşmürlər ki, meşə fondunda əsaslı tikinti aparmaq olmaz, özü də bu cür eybəcər şəkildə. Məsələn, deyirlər ki, min manat pul xərcləyib sanitar qovşaq tikmişəm. Üzr istəyirəm, üfunət iyi verən bir tualet tikib, bununla özünü də, digərlərini də rüsvay edir. Bu kimi hallar ucbatından bizə şikayətlər, tənələr, söyüşlər gəlir. Belə tikililərin sökülməsi tələbi qoyulanda deyirlər ki, vəsait qoymuşam, dolanışıq yerimdir. Sual olunur, meşəyə, müvəqqəti istifadəyə götürdüyün torpağa niyə əsaslı tikinti üçün vəsait qoyursan, bu ərazi axı sənin deyil? İkincisi, eybəcər şəkildə sanitar qovşaq tikdirməkdənsə, dəyəri 400-500 manat olan bioloji tualet yerləşdirilməsi daha sərfəli, münasib olar və harada istəsən istifadə edə bilərsən. Bir sözlə, bu işbazlar dolanışıq adı ilə meşəni məhv edir və ətrafdakılarda ikrah hissi yaradırlar...
- Bəs, görəsən belə obyektləri bələdiyyə torpaqlarında niyə tikmirlər?
- Razıyam. Söküntüsünə başlanılan obyektlərin sahiblərinin əksəriyyəti Quba rayon sakinləridir. Hansı ki, mövcud qanunvericilik də imkan verir ki, onlar Quba Rayon İcra Hakimiyyətindən, Quba Şəhər Bələdiyyəsindən, Qəçrəş və digər kənd bələdiyyələrindən torpaq sahəsi alıb orada müasir tipli restoran və istirahət mərkəzləri tiksinlər, özlərinə daimi dolanışıq şəraiti yaratsınlar. Bu, bütün dünyada da belədir. Uyğunsuzluğa və ya məntiqsizliyə baxın ki, adam meşədən yer götürür, əlavə yeri də zəbt edir, sonra isə tədricən ağacları kəsir, meşə sahəsinə çınqıl, beton tökür, bilərəkdən təbii bərpaya imkan vermir, bir sözlə meşəni məhv edir. Onda sual olunur, ağaclar sənə lazım deyildisə, niyə meşə sahəsindən yer götürübsən? Elə get bələdiyyədən götür də yeri, meşəyə müdaxilə etmə.
- Yeri gəlmişkən, meşə sahələrindən ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması ilə bağlı keçirilən reydlərin nəticəsi olaraq sex sahibləri barəsində hansı tədbirlər görüldü?
- Reydlər davam etdirilir və sex sahibləri ilə bağlı araşdırma materialları ardıcıl olaraq hüquq mühafizə orqanlarına göndərilir. Bildirirəm ki, reyd zamanı qanunsuz meşə materialından istifadə ilə bağlı Göyçay rayonunda 10, Şəmkir rayonunda 3, Tovuz rayonunda 2 ağac emalı sexi aşkar edilib. Abşeron rayonunun Ceyranbatan qəsəbəsində fəaliyyət göstərən “Kissan Parke LTD” ağac emalı müəssisəsində isə araşdırmalar davam etdirilir. Qeyd edək ki, qanunsuz yolla əldə edilən meşə materiallarından istifadə olunmasının qarşısının alınması istiqamətində ETSN tərəfindən davamlı reydlər keçirilsə də, sahibkarlıq subyektləri olduğundan ağac emalı sexlərində mütəmadi olaraq monitorinq və araşdırmaların aparılmasına, təqsirkarlar barəsində müvafiq tədbirlərin görülməsinə mövcud qanunvericiliyin tələbləri imkan vermir. Bu məqsədlə sözügedən və bu qisim digər sexlərdə araşdırmaların aparılması üçün qanunvericiliyə uyğun qaydada səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyinə müraciət edilib. Eyni zamanda, qanunsuz yolla əldə olunmuş meşə materiallarından istifadə edən ağac emalı sexlərinin fəaliyyət göstərməsi məsələsini təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoymaq ədalətsizlikdir. Belə ki, həmin sexlərin sahibkarlıq subyekti kimi fəaliyyətinə icazə verən və onların hüquqlarını müdafiə edən aidiyyəti orqanlar da ciddi tədbirlər görməlidirlər. Qanunsuz ağac emal edən sexlər və onların sahiblərinin adları ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.
- Bəzi reketçiliklə məşğul olan saytlar meşə ərazisindəki restoranlarda, parket sexlərində nazirliyin marağı olduğunu iddia edirdilər. Amma aparılan ardıcıl yoxlamalar açıq-aydın nümayiş etdirir ki, taxta sexlərinin, restoranların fəaliyyət göstərməsində nazirlik qətiyyən maraqlı deyil. Elə parket sexlərinin də nazirliyə heç bir aidiyyəti olmadığı son günlər gördüyünüz qətiyyətli tədbirlərdən aydın görünür.
- Özünüz reketçilərin iddialarına cavab vermiş oldunuz. Əlbəttə ki, bu belədir. Heç bir parket sexinin, heç bir restoranın fəaliyyət göstərməsində nazirlik qətiyyən maraqlı deyil. Hətta açıq deyirəm, yəqin mətbuatdan da xəbər tutmuş olarsınız, nazirliyin rəhbərinin qohumunun da obyekti qanunsuz olduğuna görə söküldü. Meşəni qanunsuz zəbt etmək olmaz, bu hamıya aiddir. Bu insan da qanunsuz meşəni zəbt edərək, müqavilə bağlamaq istəməyib, nazirin adından istifadə edib. Rəhbərlik bu məsələdən xəbər tutanda şəxsən özü tapşırdı ki, müqavilə bağlansın. Müqavilə bağlamaq istəmədi, hesab etdi ki, o, xüsusi statusa malikdir, ona görə də tapşırıq verildi. Tapşırığa əsasən, dövlətin hüquqları dərhal bərpa olundu, qanunsuzluq tam aradan qaldırıldı. Bir daha qeyd edim ki, meşəni qanunsuz zəbt etmək olmaz, bu hamıya aiddir.