Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-dan 27-si səhərədək güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir.
Oktyabrın 27-də səhər saatlarında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında oktyabrın 26-dan 27-si gündüzədək hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək. Arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.