Avqustun 26-da günün ikinci yarısından Göyçaya yağmağa başlayan güclü leysan xarakterli yağış hazırda bir sıra fəsadlar törədib.
FED.az xəbər verir ki, yağışdan sonra dağlardan gələn sel suları səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qaraməryəm kəndindən keçən hissəsində yolu hər iki istiqamətə bağlayıb.
Bəzi avtomobillər sel suları altında qalıb. Hazırda yolun təmizlənməsi, həmçinin sel suları və lil qatı altında qalan avtomobillərin çıxarılması prosesi davam edir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda aidiyyəti dövlət qurumları tərəfindən koordinasiyalı şəkildə müvafiq zəruri tədbirlər görülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb.
Qeyd olunub ki, avqustun 26-sı saat 21:00-a olan məlumatına əsasən, Qəbələ, Şəki, Qax, İsmayıllı, Şamaxı, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Göyçay, Sabirabad, Neftçala, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.