Azərbaycanda iyunun 20-dən başlayan güclü külək respublikanın qərb bölgələrinə böyük zərər vurub.
Külək nəticəsində evlərə və təsərrüfatlara zərər dəyib.
FED.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 20:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi sarı və narıncı xəbərdarlığa uyğun olaraq ölkənin qərb rayonlarında hazırda güclü küləklər əsib.
Sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Tovuz, Tərtər, Bərdə, Yevlax, Şəki, Daşkəsən, Göygöldə küləyin sürəti 21 m/s olub.
Narıncı xəbərdarlığa uyğun olaraq Mingəçevir, Gəncə, Goranboy, Naftalan, Şəmkirdə isə küləyin sürəti 26-30 m/s təşkil edib.
Küləklər nəticəsində Tovuzda elektrik xətlərinə zərər dəyib, bəzi kəndlər işıqsız qalıb. Bəzi rayonlarda isə enerji təsərrüfatına ziyan dəyməsinin qarşısının alınması üçün enerji veroilişi dayandırılıb. Belə ki, dünən axşamdan Yevlax rayonu ərazisində 25-30 m/saniyə sürətində qərb küləyinin əsməsi, güclü yağış yağması nəticəsində rayonun elektrik təsərrüfatına çox ciddi ziyan dəyməsinin qarşısının alınması məqsədilə “Yevlax Elektrik Şəbəkəsi” tərəfindən rayonun bütün yaşayış məntəqələrində abonentlərin elektrik enerji təchizatı dayandırılıb.
Rayon Fövqəladə Hallar Komissiyasının məlumatına görə, güclü külək nəticəsində bir sıra yaşayış məntəqələrində ağaclar sakinlərə məxsus fərdi yaşayış evlərinin, elektrik xətlərinin üzərinə aşaraq dam örtüklərini, elektrik xətlərini yararsız hala salıb.