Mayın 10-u saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Göygöl, Gədəbəy, Gəncə, Şəmkir, Qusar, Balakən, Zaqatala, Şəki, Qaxda yağış, Şahdağda isə zəif qar yağıb.
Gədəbəydə saat 14:10-14:18 radələrində diametri 9 mm, Daşkəsəndə saat 14:45-14:47 radələrində diametri 8 mm, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollar hidroloji məntəqəsi ərazisinə saat 15:00-15:18 radələrində 17 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR və Aran rayonlarında 20-24, dağlıq rayonlarda 9-12 dərəcə isti olub.