Azərbaycan su resurslarından daha səmərəli istifadə etməlidir.
Azərbaycanın yerüstü və yeraltı su ehtiyatlarının həcmi - AÇIQLANIB
FED.az xəbəbr verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib.
"Azərbaycanın şirin su ehtiyatlarının böyük hissəsi ölkə hüdudlarından kənarda formalaşır. Ölkə su qıtlığı səbəbindən təhlükə ilə üzləşə biləcək dünyanın ilk 20 ölkəsindən biri hesab olunur. Bu vəziyyətdə ən gözəl mexanizm mövcud resurslardan daha səmərəli istifadə etməkdir”, - deyə o qeyd edib.
FAO rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanla Tərəfdaşlıq Proqramının yeni mərhələsinə hazırlığı yekunlaşdırmaq üzrədir: “Proqramının 1-ci fazasında əldə edilmiş uğurların davamlı olması və Azərbaycanda dayanıqlı kənd təsərrüfatının inkişafına dəstəyi davam etdirmək üçün tərəfdaşlığın növbəti fazası ilə bağlı müzakirələr aparılır. Proqram bizim həyata keçirməli olduğumuz bir sıra sahələrə fokuslanıb. Biz növbəti bir neçə ildə istər maliyyə, istər texniki, istərsə də insan resursları ilə bağlı resurslarımızı kənd təsərrüfatı sektorunda müəyyən nəticə əldə etmək bir araya gətirməliyik”.
N.Hayat qeyd edib ki, FAO-nun Azərbaycandakı layihələri ölkə Hökumətinin prioritetləşdirilmiş ehtiyaclarına dair müraciətlərinə uyğun olaraq texniki əməkdaşlıq proqramlarına əsaslanıb: “2009-cu ildən Azərbaycan Hökuməti və FAO kənd təsərrüfatının inkişafı sahəsində mümkün texniki yardımın göstərilməsi məqsədilə ölkəyə yardım proqramının hazırlanması prosesinə başlayıb. Bu məqsədlə, Azərbaycan üçün FAO-nun Milli Orta Müddətli Prioritetlər üzrə Çərçivə Sənədi hazırlanıb”.
“Biz tərəfdaşlığımızın yeni mərhələsinə keçməliyik, çünki birinci mərhələ demək olar ki, başa çatıb”,- deyə o əlavə edib.
Azərbaycan 20 oktyabr 1995-ci il tarixində FAO-ya üzv olub. BMT-nin ixtisaslaşmış qurumu olan FAO Azərbaycanda milli, regional və qlobal səciyyəli layihələr həyata keçirir. Sözügedən layihələr əsasən kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, potensialın artırılması, resursların idarə edilməsi, heyvan və bitki xəstəliklərinə qarşı mübarizə, təchizat və digər müvafiq sahələrdə texniki yardımları nəzərdə tutur. (Report)