Ermənilərin işğal edilmiş Azərbaycan ərazilərində yandırdıqları və qırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək.
Eləcə də bax: Ermənilər Kəlbəcərdə ev və meşələri yandırıb çıxırlar - Video
FED.az xəbər verir ki, bunu Trend-ə “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin sədri Elman Yusifov deyib.
Ekspert bildirib ki, meşələr məhv olduqda o, birdən-birə deyil, 100-150 ilə bərpa olur. Bəzən isə bərpa müddəti flora cinsindən asılı olaraq, 200 il çəkir: “Ermənilərin işğal edilmiş meşələri məqsədli şəkildə yandırması meşəsizləşmə yaradır. Meşə yanırsa, 10-15 il sonra orada ot yaranır. Otdan sonra orada orta ölçülü kolluqlar, sonra hündür kolluqlar, sonra seyrək meşə kolları və meşə yaranır. Həmin yanan meşə sahələrində meşələrin tamamilə bərpasına 100-150 il vaxt lazımdır. Təbii ki, bərpa edildiyi zaman da meşə həmin meşə olmayacaq, onun tərkibi dəyişəcək”.
Ekspert qeyd edib ki, meşələrin cins tərkibində dəyər qiymətinə görə birinci yeri palıd ağacı tutur. Daha qiymətli ağac sayılan palıdın qabığı, yarpağı, kökü, oduncağı də dəyərli hesab edilir. Əhəmiyyətinə görə ikinci yeri fıstıq, daha sonra vələs, qarağac və s. ağaclardan ibarət meşələr tutur.
E.Yusifov əlavə edib ki, yandırılmış ərazilərdə əmələ gələn meşələrin qiymət dəyəri də azalır. Buna görə də həmin ərazilərdə 100-150 ildən sonra yaranacaq meşələrin dəyərsizləşəcəyi, onların indiyə qədər mövcud olan cins tərkibindən ibarət olmayacağı gözlənilir.
Bunun səbəbini izah edən E.Yusifov bildirib ki, ağacların böyümə sürəti fərqlidir. Əgər palıd ağacları kütləvi şəkildə qırılırsa, onların yerini aşağı qiymətli ağaclar sürətlə tutur:
“Palıd ağacı əmələ gəldikdən sonra 7 il cırtdanboylu – təxminən 20 sm olur. O, bu müddətdə ancaq kökünün inkişafına güc verir. Yalnız 7 ildən sonra inkişafa başlayır. Amma bu, 7 il ərzində onun yaxınında olan vələs, qarağac artıq 1,5 metr böyüyəcək və palıd ağacını sıxışdıracaq. Onlar da cırtdan qalıb məhv olacaqlar. Beləliklə, bizim əvvəlki meşə sahəmiz əsasən, palıd və vələsdən ibarət idisə, 100 ildən sonra tərsinə olacaq - aşağı əhəmiyyətli, yəni vələs, qarağacdan, ara-sıra qaraçöhrə və s-dən ibarət olacaq”.