Xəbər verildiyi kimi, dünən, martın 20-də Şəkinin Acınohur ərazisinə gələn ərəb turistlərlə bağlı paylaşımlar yayılıb.
FED.az xatırladır ki, görüntülərdə, bir neçə ərəb turist dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etdiyi məlum olurdu. Onların bunu əyləncə üçün etdiyi iddia olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bu gün bildirib ki, təlimdə ev quşları olan göyərçinlərlə rəhmsiz rəftar olunması aşkar edildiyindən həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.
Nazirlik nümayəndəsi məbləği dəqiq açıqlamadığından ərəb turistlərin hansı məbləğdə cərimə edildiyi məlum olmayıb.
Bununla yanaşı, FED.az bildirir ki, İnzibati Xətalar Məcəlləsində bu halla bağlı iki maddə var. Bunlar məcəllənin 274-cü (Heyvanlarla rəhmsiz rəftar edilməsi) və 291-ci (Qırmızı kitaba daxil edilmiş heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulması) maddələridir. 274-cü maddə üzrə 500 manat, 291-ci maddə üzrə isə 500-700 manat cərimə nəzərdə tutulub.
Maddə 274. Heyvanlarla rəhmsiz rəftar edilməsi
Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir.
Maddə 291. Qırmızı kitaba daxil edilmiş heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulması
Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə- beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.