Nəqliyyat sektoru Azərbaycandakı emissiyaların təxminən 15 %-ni təşkil edir.
FED.az xəbər verir ki, bu barədə energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda keçirilən tədbirdə deyib.
“Emissiyaların təxminən 5 %-i hava nəqliyyatının, 2 %-i dəniz nəqliyyatının, 1 %-i isə dəmir yollarının payına düşür”, - E. Soltanov bildirib.
Nazir müavini bildirib ki, 2022-ci ildə Azərbaycanın ümumi emissiyaları təxminən 61 milyon tondan çox olub: “Azərbaycanın emissiyaları qlobal emissiyaların təxminən mində biri səviyyəsindədir”.
Onun sözlərinə görə, Azərbaycan üçün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədi hazırlanıb: "İqlim müzakirələrinin əsasını həmin sənəd təşkil edir, çünki ölkələrin öhdəlikləri və iqlim fəaliyyət planları bu sənəd vasitəsilə ortaya qoyulur”.
Qeyd edək ki, NDC sənədində ölkənin milli şəraitini, gələcək inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istixana effektli qaz tullantılarının səviyyəsində 35 % azalmanın saxlanılmasını hədəf kimi götürülüb.
Son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 0,4-1,3oC-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanmışdır. Belə ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində orta illik temperaturun 1,1-1,3°C artması müşahidə olunur. Azərbaycanda aparılan tədqiqatlarə əsasən 1961-1990-cıillərlə müqayisədə 1991-2012-ci illərdə temperatur artımı temperatur artımı 0,2-1,5°C intervalında dəyişib. Son on illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artıb.
Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas, inkişaf etməkdə olan ölkədir. İstilik effekti yaradan qazların milli tullantıları qlobal tullantıların yalnız 0,1 %-ni təşkil edir. (Report)