Azərbaycana ağac idxal edən fərdi sahibkarların və şirkətlərin vergi yükü azaldıla bilər.
Təbiətə 61 min manatdan çox ziyan vuruldu - CİNAYƏT İŞİ BAŞLANDI
FED.az xəbər verir ki, bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə deputat Elnur Allahverdiyev bildirib.
"Əgər gətirilən yaşıllıq ekologiyaya xidmət edirsə, burada biz vergidən azad etmə, yaxud verginin azaldılması kimi məsələlər ətrafında fikir mübadiləsi apara bilərik", - deyə o qeyd edib.
Deputat bu il ölkəmizdə keçirilən COP29 tədbiri barədə də danışıb: "Bu tədbirlə əlaqədar Azərbaycana yüzlərlə rəsmi qonaq, onlarla dövlət və hökumət rəhbərləri təşrif buyuracaq. Bizim təbii ki, ekologiyanın bərpası, qorunması, bu müstəvidə ekoloji təmiz enerjinin istehsalı, bu sektora keçid mövzularında deyəcəklərimiz və nümayiş etdirəcəklərimiz çoxdur. Azərbaycan hətta bu tədbirə ev sahibliyi edəcəyi məlum olmayandan öncə də, illərlə bu sahədə, misal üçün, yaşıllığın bərpası istiqamətində irimiqyaslı işlər görüb. Bu gün bizim Qarabağda və Şərqi Zəngəzurda Ermənistanın törətdiyi ekosid nəticəsində məhv edilmiş meşə təsərrüfatının bərpası istiqamətində gördüyümüz və görəcəyimiz işlər bunun əyani sübutudur".
Onun sözlərinə görə, daha bir vacib məqam havaya karbon qazının buraxılması ilə bağlıdır: "Düşünürəm ki, həyata keçirilən mütərəqqi tədbirlər fonunda istehsal prosesində karbon qazının havaya buraxılması diqqətimizdən qaçmamalıdır və bu istiqamətdə işin daha müasir, ekologiyaya az ziyan vuran formatda təşkilinə nail olmaq üçün karbon emissiyasına səbəb olan istehsal sektorunda verginin artımına gedə bilərik. Bu, olduqca vacib məsələdir, gələcək nəsillərin sağlam yaşayışı, o cümlədən, ölkəmizin reputasiyası baxımından önəmlidir. Hesab edirəm ki, belə bir tədbir görülsə, bu, həmin sferada çalışan müəssisələrin məsuliyyət faktoruna ciddi təsir göstərə bilər. Paralel olaraq, əgər biz bu gün "yaşıl enerji"ni təşviq ediriksə, bu, qarşıdakı illərdə bizim əsas ixrac istiqamətlərimizdən biri olacaqsa, fikrimcə, ekoloji cəhətdən təmiz enerjidən istifadə edən şirkət və müəssisələrin vergi yükünün azaldılması yönündə dəyişikliklər edə bilərik". (Report)