Nazirlər Kabineti “Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası”nı təsdiq edib.
FED.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Bu Qayda dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi qaydasını və bu məqsədlə dövlət ekoloji ekspertiza haqqının məbləğini müəyyən edir.
Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi dövlət sifarişi olduğu hallarda dövlət büdcəsi, digər hallarda isə sənədlərin sifarişçisinin vəsaiti hesabına həyata keçirilir.
Dövlət ekoloji ekspertizasının obyektlərinə münasibətdə bu Qaydada nəzərdə tutulan ekspertiza haqqı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən hesablanır və tətbiq edilir.
Dövlət ekoloji ekspertizasının obyektləri üzrə layihə sənədlərinin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə və ya layihənin ümumi smeta dəyərinə dair sənəd dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi üçün əsasdır.