Yaz-yay mövsümünün yaxınlaşması ilə əlaqədar milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilir. Bu ilin 4 ayı ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara ümumilikdə 11 min 131 nəfər turist səfər edib. Onlardan 9850-si yerli, 1281-i isə xarici vətəndaş olub.
FED.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova mayın 3-də keçirilən mətbuat konfransında deyib.
“Sözsüz ki, bu rəqəm bizi razı salmır. Biz istərdik ki, milli parkları ziyarət edən turistlərin sayı daha çox olsun. Düzdür, qış mövsümündə havaların soyuq olması ilə əlaqədar insanların milli parklara səyahət etməsi çox müşahidə olunmur. Ancaq biz may ayından etibarən milli parklara səyahət edənlərin sayının artımında böyük sıçrayış gözləyirik, çünki hava şəraiti də, təbiət də buna imkan verəcək.
Ekoloji turizm bizim üçün yeni anlayışdır və bu sahədə müsbət nailiyyətlər əldə olunacağına ümid edirik”, - deyə mətbuat katibi diqqətə çatdırıb.
İ.İbrahimova bildirib ki, hazırda milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən 110 turist marşrutu mövcuddur.
Eləcə də bax: Bu il Azərbaycana daha çox ərəb turisti gələcək