Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2023-cü il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minib.
FED.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qadağa sentyabrın 1-dək davam edəcək.
Xidmət rəisinin sözlərinə görə, sənaye balıq ovuna qoyulan moratorium meliorativ kollektorlara şamil edilmir.
F.Əliyev moratoriumun davam etdiyi müddətdə sənaye balıq ovu ilə məşğul olan hər kəsi qaydalara əməl etməyə çağırıb:
“İdman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün balıqovlama biletinin alınması tələb olunmur, onlar qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər”.
Xidmət rəisi onu da qeyd edib ki, balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
F.Əliyev qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib.
Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan vətəndaşları qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb. (Apa)