“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyunun 29-da Daşkəsən–Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi gözlənilir ki, bu da qeyd olunan ərazilərdən axan çaylarda sululuğun artması və sel keçməsi ehtimalını yaradır”.
FED.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Baş hidroloq sel təhlükəsi olan ərazilərdən axan çaylarda baş verə biləcək daşqınlarla əlaqədar çay sahilində yaşayan və istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib:
“Vətəndaşlara mümkün qədər çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini və dərhal ərazini tərk etmələrini tövsiyə edirik”.