Noyabrın 11-də Bakıda işinə başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ilkin maliyyə nəticələri məlum olub.
COP29 çərçivəsində ilk - KARBON KREDİTİ BİRJASI İŞƏ DÜŞDÜ - 1 TON KARBON QAZI ÜÇÜN QİYMƏTLƏR
FED.az xəbər verir ki, noyabrın 12-də keçirilən COP29 tədbirində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində dünyanın bir qrup aparıcı çoxtərəfli inkişaf bankı (ÇİB) aşağı və orta gəlirli ölkələr üçün illik kollektiv maliyyələşdirmənin smetasını açıqlayıb.
Çoxtərəfli inkişaf bankları aşağı və orta gəlirli ölkələr üçün illik iqlim maliyyələşdirmə ianələrinin 2030-cu ilədək ümumi 120 milyard ABŞ dollarına çatacağını və 42 milyard ABŞ dollarının xüsusi olaraq iqlimə adaptasiya səyləri üçün ayrılacağını proqnozlaşdırıb. ÇİB həmçinin özəl sektordan hər il 65 milyard ABŞ dolları məbləğində vəsait toplamağı da planlaşdırır.
Yüksək gəlirli ölkələr üçün isə ümumi illik iqlim maliyyələşməsinin 50 milyard ABŞ dollarına çatacağı, 7 milyard ABŞ dollarının adaptasiya səylərinə ayrılacağı və özəl sektordan 65 milyard ABŞ dolları həcmində vəsaitin cəlb ediləcəyi təxmin edilir.
Bura Asiya İnkişaf Bankı (AİB), Dünya Bankı Qrupu, Afrika İnkişaf Bankı (AfİB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB), Avropa Şurasının İnkişaf Bankı (AŞİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa İnvestisiya Bankı (AİB), Amerika İnkişaf Bankı Qrupu (AİBQ), İslam İnkişaf Bankı (İİB) və Yeni İnkişaf Bankı da daxil olmaqla, əsas kreditorların ianələri daxildir.
Tədbirdə qeyd edilib ki, çoxtərəfli inkişaf bankları 2019-cu ildə müəyyən edilmiş 2025-ci il üçün iqlim maliyyələşməsi hədəflərini üstələyib, belə ki, iqlimin birbaşa maliyyələşdirilməsi üçün əvvəl gözləniləndən 25% daha artıq vəsait xərcləyiblər. Bundan başqa, ötən il ərzində iqlim təşəbbüsləri üçün vəsaitlərin toplanması iki dəfə artıb.
Təxminlər COP29-un Prezidenti Muxtar Babayevin rəhbərliyi ilə Bakıda keçirilən yüksək səviyyəli görüş zamanı açıqlanıb. Ona dövlət və hökumət başçıları, eləcə də Beynəlxalq Valyuta Fondu (BVF) da daxil olmaqla, kreditorlar və digər iri maliyyə təşkilatlarının yüksək vəzifəli şəxsləri qoşulub.
COP29 Sədrliyinin planının əsas istiqamətlərindən biri olan fəaliyyətə təkan verilməsi təcili iqlim təşəbbüslərini həyata keçirmək üçün tələb olunan maliyyələşdirmənin təmin edilməsinə yönəlib.
İanələr ilə bağlı təxminləri şərh edən COP29-un Prezidenti Muxtar Babayev bildirib: “Hər bir ianə dəyərlidir, lakin bizim hazırkı mövqeyimizlə son məqsədimiz arasında böyük bir boşluq var. COP29-da biz ədalətli və ambisiyalı yeni iqlim maliyyəsi hədəfi üçün zəmin yaratmaq məqsədilə beynəlxalq maliyyə institutlarının səhmdarları ilə sıx əməkdaşlıq edirik”.