Rusiyada fəaliyyət göstərən "Coca-Cola", "Danone", "Procter & Gamble" ("P&G"), "Heineken" və digər beynəlxalq şirkətlərin müntəzəm şəkildə ətraf mühit standartlarını pozduğu aşkar edilib. Xarici şirkətlər ekologiya rüsumlarını ödəmir və istehsal etdikləri məhsullara dair hesabatlar təqdim etmir. Yoxlamanın nəticələri Baş Prokurorluğa göndərilib.
FED.az xəbər verir ki, bu barədə Təbii Sərvətlərə Nəzarət üzrə Federal Xidmətin ("Rosprirodnadzor") hesabatında deyilir.
Qeyd olunub ki, istintaqa Dövlət Dumasının Ekologiya və ətraf mühitin mühafizəsi komitəsinin sədrinin müavini Nikolay Valuyevin təşəbbüsü ilə başlanılıb. Xarici şirkətlərin tullantıların utilizasiyası üzrə öhdəliklərə əməl etməməsi ekoloji fəlakətə səbəb ola bilər.
Ekologiya rüsumu istehsalın həcmindən, məhsulun növündən, ətraf mühit üçün təhlükəlilik səviyyəsindən və utilizasiyanın mürəkkəbliyindən asılıdır. Rüsum ilbəil artır. Hazırda utilizasiyanın maksimum normativi 30% təşkil edir, lakin Rusiya hökuməti bunu 100%-ə çatdırmaq niyyətindədir. Bu, ekoloji rüsumlar hesabına tullantıların utilizasiyası üzrə xərcləri artıracaq – illik 2,2 mlrd. rubldan 136 mlrd. rubladək. (Apa)