Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) texniki su xəttinin neft emalı zavodunun ərazisinə gətirilməsi üçün layihə üzərində çalışır.
Azərbaycanın yerüstü və yeraltı su ehtiyatlarının həcmi - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Azərsu” ASC-nin Elektron idarəertmə və müasir texnologiyalar departamentinin rəisi Cabbar Cabbarlı Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib.
"Hazırda NEZ ən böyük su istehlakçılarından biridir və ay ərzində 350-400 min kubmetr su alırlar. SOCAR-ın layihəsi reallaşdığı təqdirdə 350-400 min kubmetr sudan qənaət etmiş olarıq", - C. Cabbarlı deyib.
O bildirib ki, sənaye müəssisələrində sudan soyutma məqsədi ilə istifadə edilir: "Bunun üçün Abşeron yarımadasında texniki sudan istifadə halları mövcud deyil. Texniki sudan istifadə halları olsa, içməli suya qənaət daha çox ola bilər".
“Azərsu”nun rəsmisi qeyd edib ki, Azərbaycanda qeyri-əhali suvarmalarında 8 %, restoran, şadlıq evlərində 4 %, təhsil müəssisələrində 3 %, xəstəxanalarda 2 % sudan istifadə olunur.
Onun sözlərinə görə, hazırda "Azərsu" ASC 1 milyon 820 min abonentə xidmət göstərir, onlardan 96 %-i əhali, 4 %-i qeyri-əhali sektorunu əhatə edir.
"Ümumi satılan suyun həcminin 78 %-i əhali, 22 %-i qeyri-əhali sektorunun payına düşür. 22 %-in 14 %-i isə sənaye məqsədi ilə istifadə edilir", - C. Cabbarlı deyib.
O bildirib ki, bu gün 300-ə yaxın sudan xammal istifadəçisi mövcuddur. (Report)