Avqustun 3-ü gündüz saatlarından başlayaraq 5-i gündüzə qədər şimal və qərb rayonlarında hava şəraiti dəyişəcək.
FED.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, bəzi yerlərdə leysan xarakterli yağışlar yağacaq:
"Əsasən dağlıq və dağətəyi rayonlarda yağışın intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi bölgələrdə arabir 28 m/san-dək güclənəcək. Gözlənilən yağıntı ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında da avqustun 3-gündüzdən 5-i gündüzədək şimal-qərb küləyi arabir güclənəcək. Küləyin maksimal sürəti 15-20, bəzi ərazilərdə isə 23-28 m/san olacaq".