Sentyabrın 23-ü gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Balakən və Zaqatala rayonlarının sakinlərindən küləklə müşayiət olunan intensiv yağışların yağması və yaranan fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.
FED.az xəbər verir ki, qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.
Əlavə məlumat veriləcək.