Dekabrın 14-ü saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
FED.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Səhər saatlarında müşahidə olunan güclü şimal-qərb küləyi bəzi ərazilərdə tədricən zəifləyib. Bakıda və Abşeron yarımadasında küləyin sütəti 20 m/s, Naftalan və Mingəçevirdə 26 m/s, Gəncədə 20 m/s, Daşkəsən, Ağdam, Şəmkirdə 18 m/s-dir.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Qobustan, Quba, Qusar, Xaltan, Şahdağ, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada sulu qar, qar yağır. Bəzi yerlərdə intensiv xarakterlidir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 6°-dək şaxta, Qarabağ və Şərqi-Zəngəzurda 2°-dək şaxta, dağlıq rayonlarda 9-14° şaxta, Aran rayonlarında 5°-dək isti təşkil edir.