Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyində çoxmərtəbəli binaların inşası üçün təqdim olunan layihələrə rəy verilməsi ilə bağlı ictimai dinləmələr keçirilib.
FED.az xəbər verir ki, Agentliyin rəisi Mirsalam Qəmbərov bildirib ki, bu gün tikinti şirkətləri tərəfindən təqdim olunan 9 layihəyə baxılır.
Eləcə də bax: Ağacları kəsən tikinti şirkəti - CƏRİMƏLƏNDİ
Qeyd olunub ki, müvafiq tikinti şirkətlərinin inşa etmək istədikləri çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binaları Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qərarı ilə təsdiqlədiyi köhnə, təhlükəli və qəzalı vəziyyətdə olan binaların olduğu ərazilərdə yerləşir.
Tikinti şirkətlərinin nümayəndələrinə bildirilib ki, binaları ucaldarkən əsas məqsədin yaşıllıqların qorunub saxlanılması və gələcəkdə orada yaşıllıq sahələrinin olmasına şərait yaratmaqdır.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə əlavə edib ki, hər ağacın da köçürülməsi mümkün deyil: “Bunun üçün mütləq şəkildə müvafiq göstəriciləri olmalıdır. Bəzi tikinti şirkətləri köçürmə adı altında ağacı çıxarır və əmin olun ki, həmin ağac məhv olur”.
İctimai dinləmədə iştirak edən tikinti şirkətlərindən birinin nümayəndəsi vurğulayıb ki, onların bina tikmək istədikləri ərazidə mövcud olan 60-70 ağac götürülərək gələcəkdə onun əvəzində 200 ağacın əkilməsi nəzərdə tutulub. (Qafqazinfo)