"Bir neçə ildən sonra Azərbaycan su ehtiyatları ilə bağlı ciddi problemlərlə üzləşə bilər. Gələcəkdə su qıtlığının bütün əkin sahələrini əhatə edəcəyi proqnozlaşdırılır".
Dünya Bankı: Azərbaycanın sərhədlərarası su mənbələrindən asılılığı artacaq
FED.az xəbər verir ki, bu, Dünya Bankının "Azərbaycanın İqliminə və İnkişafına dair Hesabat"da əks olunub.
Hesabatın təqdimatı ilə bağlı keçirilən tədbirdə vurğulanıb ki, ölkənin sərhədlərarası su mənbələrindən asılılığı ilə əlaqədar yaranan risklər mövcud problemləri dərinləşdirir.
Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Roland Prays bildirib ki, su qıtlığı ilə yanaşı, temperaturun yüksəlməsi də bəzi sahələri təhlükə ilə üz-üzə qoyur.
İqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov su qıtlığına qarşı tədbirlərin görüləcəyinə diqqət çəkib. Onun sözlərinə görə, ölkəmizdə 2025-ci ilədək ortamüddətli, 2030-cu ilədək isə uzunmüddətli dövrdə ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikilməsi, alternativ sulardan istifadənin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması hədəflənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, son 10 ildə Xəzər dənizində suyun səviyyəsinin 114 santimetr azalması müəyyən problemlərə yol açıb.
Onun sözlərinə görə, artıq problemlə bağlı 5 Xəzəryanı ölkə tərəfindən araşdırma aparılır.( Xezerxeber.az)