Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.
FED.az xəbər verir ki, ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, bəzi bölgələrdə, o cümlədən Bakıda və Abşeron yarımadasında dumanla bağlı görünüş məsafəsi 200-600 metrədək məhdudlaşıb.
G.Məmmədovanın sözlərinə görə, gecə və gündüz saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan, rütubətin yüksək olması, yerüstü təbəqə buludlarının mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın yaranmasına şərait yaradıb:
“Ölkə ərazisində dumanlı hava şəraiti dekabrın 19-dək, əsasən səhər və axşam saatlarında fasilələrlə davam edəcək. Dekabrın 20-də şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”. (Apa)