Ölkə ərazisində 1 may 2023-cü il tarixindən kürütökmə dövrü ilə əlaqədar balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tətbiq edilmiş qadağa başa çatıb. İdman və həvəskar balıq ovu ilə məşğul olanlar göstərilən tələblərə əməl etməklə 1 iyul tarixindən ov edə bilərlər.
Balıqçılıq təsərrüfatına 150 min manat - GÜZƏŞTLİ KREDİT AYRILDI
FED.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbər verilib.
Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən ov alətləri aşağıdakılardır:
– hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov;
– lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar;
– bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan.
Ovlanan balıq və digər su bioresurslarının miqdarına aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
– gün ərzində 10 ədəddən çox olmayan xərçəng;
– gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar;
-balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar (ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna edilir).
Qeyd edək ki, Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanal və onun mənsəbindən hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə qadağa müddəti 15 avqust tarixində bitəcək.
Balıq və digər su bioresurslarının sənaye ovuna tətbiq edilmiş qadağa isə sentyabr ayının 1-dək qüvvədə saxlanılır.