COP29-da ümumilikdə 80 minə yaxın qonağı və bir gündə təxminən 40 min qonağı qəbul etməyə hazırlaşan Azərbaycan bir vaxtlar münaqişədə olduğu Ermənistana, o cümlədən, bütün ölkələrə, dəvət göndərib. 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcəklərini təsdiqləsə də, bu sayın artacağı gözlənilir.
"Azərbaycan COP29-da 80 minə yaxın qonaq qəbul edəcək"
FED.az xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş katibi Elnur Soltanov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, COP29-da milli, regional və qlobal səviyyəli məsələlər müzakirə olunacaq və əsas mövzu iqlim maliyyəsi olacaq.
E.Soltanov inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə daha çox yardım göstərilməsinin COP29-un əsas gündəmlərindən biri olacağını bildirib.
"Dünyanın istixana qazı emissiyalarının təxminən 4 faizi Afrika qitəsinin payına düşür. Bununla belə, iqlim dəyişikliyindən ən çox təsirlənən qitə Afrikadır.
İstixana qazları emissiyalarını azaltmaq və iqlim dəyişikliklərinin təsirlərini azaltmaq üçün inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi verilməlidir. Hazırda 100 milyard dollar civarında olan iqlim maliyyələşməsini artırmaq üçün ciddi danışıqlar aparılır. COP29-da bununla bağlı qərar qəbul ediləcəyinə ümid edirik", - deyə E. Soltanov qeyd edib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir. (Trend)