“Ölkə ərazisində fəaliyyət göstərən şadlıq saraylarında, restoranlarda və ictimai-iaşə obyektlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı bir sıra obyektdə quraşdırılan qaz-toztutucu qurğuların vəziyyətinin qeyri-qənaətbəxş olduğu qeydə alınıb”.
FED.az xəbər verir ki, bu barədə Xidmət rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, bir çox obyekt və restoranda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atılır ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur.
“Ramazan ayının başlaması ilə əlaqədar bir çox şadlıq sarayının, restoranın və ictimai-iaşə obyektinin fəaliyyətində fasilə yaranması fürsətindən istifadə edərək obyekt sahibləri qurğulara texniki xidmət göstərməli, filtrlərin vaxtında təmizlənməsi məqsədilə zəruri tədbirlər görməlidir”, - deyə o əlavə edib. (Qafqazinfo)