Zəngilanda İran Azərbaycan sərhədində körpü tikilib və hazırda burada gömrük sərhəd infrastrkuturu tikilir. Gələcəkdə isə bu rayonda Ermənistanla da keçid məntəqəsi qurulacaq. Nəticədə Zəngilan iki ölə ilə keçid məntəqəsi olan yeganə rayon olacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə prezident İlham Əliyev Zəngilan rayounda yerli sakinlərlə görüşündə bildirib.
«İran sərhədində körpü demək olar ki, tikilib bizim təşəbbüsümüzlə və indi sərhəd-gömrük infrastrukturu, binalar tikilir. Yəqin ki, bir neçə aydan sonra o da açılışa hazır olacaq və bu, beynəlxalq nəqliyyat dəhlizi olacaq. Buradan keçən həm dəmir yolları, həm avtomobil yolları böyük xeyir gətirəcək. Çünki oraya xidmət edən insanlar işlə təmin olunacaqlar. Bunun Zəngilanın və bütövlükdə Azərbaycanın iqtisadiyyatına çox böyük töhfəsi olacaq»-deyə prezident bildirib.
Eyni zamanda İlhşam Əliyev gələcəkdə bu rayonda Ermənistanla da keçid məntəqəsi qurulacağını bildirib: «Ermənistanla burada sərhəd açılandan, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə ölkəmizin yeganə rayonu olacaq ki, bunun iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq».
Ümumiyyətlə dövlət başçısı bildirib ki, hazırda reallaşan nəqliyyat, xüsusilə də dəmiryol layihələri sayəsində Zəngilan bölgənin nəqliyyat mərkəzlərindən birinə çevriləcək.
«Çünki bu, həm Şərq-Qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur, həm də Şimal-Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə. Bu, beynəlxalq bir mərkəz olacaq, əvəzolunmaz mərkəz olacaq. Biz bunu belə görürük və belə də olacaq. Çünki bu günə qədər bütün planlarımız gerçəkləşib».













