“Cənab Prezidentim. Əvvəla, Türkiyədən hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırmaq istəyirəm. Türkiyə Böyük Millət Məclisindən deputatlarımızın hamısının Sizə salamları var, parlamentimizin duaları sizinlədir”.
Eləcə də bax: Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrini qəbul edib - YENİLƏNİB
FED.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Prezident İlham Əliyevlə görüşündə deyib.
O bildirib ki, burada fərqli partiyalardan dostları var: “Biz təmsilçilik qabiliyyəti yüksək olan bir heyətlə gəldik, dəstəyimizi ifadə etmək istədik.
Bunu Türkiyədə hər zaman deyirik, Tovuz hücumlarında da Məclisimizdə dörd siyasi partiya bir açıqlama vermişdi, 27 sentyabrdan sonra da bir daha açıqlama verdi. Amma bütün bunları bir də Bakıda təkrarlamaq, söyləmək istədik. Millətimizin də dəstək və duaları daim Azərbaycanladır, Sizinlədir. Azərbaycanın uğuru, müvəffəqiyyəti üçün dua edirik, o sevindirici xəbərləri aldıqca da bütün millət olaraq sevinirik. Allah müvəffəq etsin, zəfər nəsib etsin.
Təbii ki, Türkiyənin Azərbaycana dəstəyinin təməli dostluq və qardaşlıqdır. Zati-aliləri, Sizin də dediyiniz kimi, dünyada Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına bənzər ikinci ölkə yoxdur. “Bir millət, iki dövlət” deyirik. Bunun tarixi əsasları var. Axşam Şəhidlər xiyabanında idik, orada Türkiyədəki 34 vilayətimizdən şəhidlər var, onlar burada uyuyurlar, adları məzar daşlarında var. Biz Türkiyə olaraq Azərbaycanın çətin günündə burada - Azərbaycanın yanında olmuşuq, onun kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir. Bu, həm də sizin üçün də eynidir. Siz Yunanıstan səfirini qəbul edərkən verdiyiniz açıqlama Türkiyədə çox böyük diqqətlə, sevinclə izlənildi və çox yüksək dəyərləndirildi.
Bizim Azərbaycana dəstəyimiz təkcə dostluqla bağlı deyil, bu mübarizə Azərbaycanın haqlı mübarizəsidir. Həm tarixən haqlıdır, çünki Dağlıq Qarabağ tarix boyunca, yüz illərlə həmişə Azərbaycan torpağı, Azərbaycan Vətəninin bir hissəsi olub. Sovet dövründə də, Çar Rusiyası dövründə də belə olub. Azərbaycan beynəlxalq hüquq baxımından da haqlıdır”.
Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.