Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşib.
FED.az xəbər verir ki, iyulun 14-16-sı tarixlərində “Baku Ekspo Mərkəzi”ndə keçirilən müsabiqənin finalında iştirak edən 109 namizəddən ən yüksək bal toplayan 22 nəfər qalib adını qazanıb. Qaliblərdən 4-ü qadındır.
Bu dəfə qalib adını qazananlar arasında 12 nəfər əvvəlki müsabiqələrin müxtəlif mərhələlərində iştirak edib. Ən gənc 2 qalibin 26, ən yaşlı 2 qalibin isə 35 yaşı var. Qeyd edək ki, final mərhələsində göstərilən ən yüksək nəticə 24 bal olub.
Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqənin yarımfinal və final mərhələləri “qiymətləndirmə konfransı” (assessment conference) formatında keçirilib.
Bu təcrübə ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılıb və böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur. Sözügedən mərhələlərdə strateji düşüncə, nəticələrə yönümlülük, komanda işi bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılıb.
Finalda, həmçinin iştirakçılar Təşkilat Komitəsinin üzvləri və idarəçi rəhbərlərin müşahidəsi ilə “Azərbaycan arzusu” keysi üzrə tapşırıqları yerinə yetiriblər. İdarəçi rəhbərlərin suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra onlar tərəfindən qiymətləndiriliblər. Belə ki, hər masaya təhkim edilmiş mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib.
Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 7 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komitəsi eyni balı toplayan iştirakçıların hər birinin səriştə və nailiyyətlərinin ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verib və 22 nəfər qalib adını qazanıb.
Qaliblərin siyahısı belədir:
1. Qəribov Azad İslam oğlu
2. Orucov Bayram Tofiq oğlu
3. Əlizadə Elvin Elçin oğlu
4. Bəşirov Emil Kamil oğlu
5. Qurbanzadə Əsəd Vaqif oğlu
6. Hüseynov Faiq Hümbət oğlu
7. Hacıyev Fərahim Əjdər oğlu
8. İsayev Fərid Əmirxan oğlu
9. Daşdəmirova Xanım Tariyel qızı
10. Məmmədzadə İbrahim Zakir oğlu
11. Baxışova Tahirli İlahə Həsən qızı
12. Babayev Mirzə Ələkbər Emil oğlu
13. Həşimov Rəsul Ağarəhim oğlu
14. Vəliyeva Səkinə Firidun qızı
15.Əsgərzadə Sübhan Qalib oğlu
16.Mahmudzadə Şahin Aydın oğlu
17. Cəmilzadə Şamxal Zahir oğlu
18. Ələkbərov Toğrul Rizvan oğlu
19. Toğrul İslam Mustafakamal oğlu
20. Abdullazadə Tural Vahid oğlu
21. Mehralıyeva Ülviyyə Rafiq qızı
22. Mamedov Vüqar Nizami oğlu
17 fevral 2023-cü ildə qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsinə 13474 iştirakçı müraciət edib. “Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub.