Gələn ilin əvvəlindən İsveçrədə qüvvəyə minəcək əlavə dəyər vergisi (ƏDV) haqqında yeni qanun Avstriyada üç mindən artıq müəssisəni çətin vəziyyətə salıb. Vergi islahatları çərçivəsində tətbiq edilən yeni ƏDV qaydalarına əsasən, il ərzində İsveçrədə məhsul və xidmətlərini təklif edən bütün əcnəbi şirkətlər 7,7 faiz ƏDV ödəməli, dövriyyədən asılı olaraq maliyyə qurumlarında girov vəsait qoymalı və həmçinin İsveçrədə rəsmi fəaliyyət səlahiyyətinə malik vergi vəkili tutmalıdırlar. İndiyədək olan qanunvericilikdə isə İsveçrədə illik dövriyyəsi 100 min İsveçrə frankını aşmayan şirkətlər bu vergidən azad olunurdular.
Yeni vergi islahatı ilk növbədə Avstriya şirkətləri tərəfindən ciddi narazılıqla qarşılanıb. Bu ölkə ilə həmsərhəd ərazilərdə yerləşən kiçik və orta müəssisələrin təmsilçiləri yeni vergi sistemi sayəsində əcnəbi şirkətlərin İsveçrə bazarında sıxışdırıb çıxarmağa xidmət etdiyini bildiriblər.
İsveçrə hökuməti ümid edir ki, yeni islahat nəticəsində yerli müəssisələrin xeyrinə illik 40 milyon İsveçrə frankı dəyərində mənfəət yaranacaqdır.