Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Vüqar Mustafayevin müdafiə sənayesi naziri təyin olunması ilə bağlı Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, yeni nazir son 6 ayda nazir müavini vəzifəsində çalışırdı, ondan əvvəl isə ölkənin ən böyük biznes-maliyyə qruplarından olan "Paşa Holdinq"də çalışıb.
1986-cı ildə Bakıda anadan olan Vüqar Mustafayev Dövlət İdarəçilik Akademiyasını və Xəzər Universitetinin magistr proqramıni bitirib.
“Certified İnternal Auditor ( CİA)” – Beynəlxalq Daxili Auditor və "İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisaslaşmış kvalifikasiyaya sahibdir.
Vüqar Mustafayev dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də ("Nar" mobil operatoru) Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib.
2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub. Həmin ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.
2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.
Azərbaycan Prezidentinin 15 Mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunmuşdu. Ailəlidir, iki övladı var.