Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərmanına əsasən, 2018-ci il sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq.
FED.az bu mühüm yeniliklə bağlı Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün fikirlərini təqdim edir:
“Düşünürəm ki, kifayət qədər əhəmiyyətli bir hadisədir. Çünki yeni şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) də olacaq və bu çipə vətəndaşla bağlı standart məlumatlardan əlavə onun elektron imzası ilə əlaqəli məlumatlar da daxil ediləcək. Bu isə ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi ilə elektron hökumət quruculuğunun güclənməsinə, informasiya cəmiyyətinin formalaşmasının sürətlənməsinə və vətəndaş aktivliyinin artmasına xeyli müsbət təsir göstərəcək"
O.Gündüz qeyd edib ki, yeni nəsil vəsiqələrin verilməsi prosesində təxminən 9 dövlət qurumu iştirak edəcək. Artıq bütün hazırlıq proseslərinin başa çatdığı bildirilir. Vəsiqələr DİN-in şəxsiyyət vəsiqəsi verən yerli orqanları və ASAN Xidmət Mərkəzlərində veriləcək.
Mütəxəxssis onu da deyib ki, yeni vəsiqələrlə bağlı yeni dövlət rüsumu müəyyən olunmayıb: "Güman ki, elə köhnə rüsum qüvvədə qalacaq. Köhnə rüsum isə belədir :
on gün müddətində verildikdə və ya dəyişdirildikdə – 5 manat;
üç iş günü – 25 manat;
bir iş günü – 35 manat.
Bu rüsuma vətəndaşın elektron imzası ilə bağlı xərclər daxil olmayacaq".
Qaydalara görə, vəsiqədəki elektron imza ilkin vəziyyətdə aktiv olmayacaq. Bunu vətəndaşlar öz arzusu ilə vəsiqəni alarkən və ya sonradan NRYTN sertikasiya mərkəzinə müraciət etməklə aktiv edə bilıəcəklər.
Bunun üçün vətəndaşın ödəməli olduğu vəsait də hələlik açıqlanmayıb. Qaydalara görə, bu rüsumun 25 faizi NRYTN Sertifikat Xidmətləri Mərkəzinin hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.
Əgər gələcəkdə hansısa ölkələrlə şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması olarsa, vətəndaşlar yalnız bu tip ölkələrə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklər.
Yeni şəxsiyyət vəsiqələrinin fərqi məlum oldu
22:11
30 Avq 2018