Prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılması barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, Fərmana əsasən, həmçinin “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilib.
Müəyyən olunub ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın və Kəlbəcər rayonlarına əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Laçın şəhərində yerləşən Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək;
2. müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binaları, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək, müvəqqəti idarə etmək;
3. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatı idarə etmək;
4. müvafiq ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərini təşkil etmək;
5. müvafiq ərazidə yerləşən, ümumi istifadədə və balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək.
Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla, 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.
Xidmətin nizamnamə fondu 500 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.
Dövlət başçısının Sərəncamı ilə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Məsim Məmmədov – Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Müşahidə Şurasının üzvləri
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.