Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, onlardan biri Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin keçmiş müdiri İndira Hacıyevadır.
O, fəaliyyətinə 1982-ci ildən Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB, Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. 2000 - 2001 illərdə Bakı şəhər İcra Hakimiyyəti, İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdiri vəzifəsində işləyib.
Daha sonra müxtəlif illərdə ovaxtkı Gənclər, İdman və Turizm Nazirliyində fərqli vəzifələri tutub.
2006-2007-ci illərdə Prezidentin İcra Aparatında Baş məsləhətçi işləyib. 2009-cu ildə yenidən nazirliyə qayıdıb, 2012-ci ildən 2021-ci ilə qədər isə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2016-cı ildə isə 3-cü dərəcəli "Vətənə xidmətə görə ” ordeni ilə təltif edilib.
Nazirin digər müavini Marina Vasileva isə 1974-cü ildə Bolqarıstanda doğulub. O, Bolqarıstan yığmasının heyətində gimnast kimi çıxış edib. Karyerasını başa vurduqdan sonra isə “Levski” klubunda məşqçi kimi işləməyə başlayır. M. Vasileva 2007-ci ildə Azərbaycan yığmasından təklif alsa da, o, ölkəmizə 2009-cu ildə gəlib. Həmin ildən yığmamızın çalışdırıcısı olaraq fəaliyyət göstərir.