Azərbaycan hökuməti ordunun döyüş qabiliyyətini bundan sonra da gücləndirmək üçün yeni ən müasir silahlar almaqda davam edir. Ordu da islahatlar da davam edəcək.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev, Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışı zamanı bildirib.
«Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar.
Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər».
Prezident bildirib ki, Azərbaycan tərəfi bütün proseslərə nəzarət edir, ordunu bundan sonra da gücləndirmək niyyətindədir və bu məqsədlə yeni müasir silahlar alır:
«Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək.
Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır».