44 günlük müharibədə qazanılan qələbəyə baxmayaraq Azərbaycan öz ordusunu bundan sonra da gücləndirməkdə davam edəcək.
“Müharibə zamanı vasitəçilər Ermənistana xəbər göndərmişdilər ki, dayanmaq lazımdır”
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə bildirib.
Prezident deyib:
«Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır».
Dövlət başçısı bildirib ki, orduda islahatlar aparılacaq: «Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq».
«Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik»-deyə İlham Əliyev bildirib.