Fərid Fazil oğlu Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilib.
Eləcə də bax: Prezident onu gənclər və idman naziri təyin etdi
FED.az nazirin dosyesini təqdim edir.
Fərid Qayıbov 1995-сi ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub.
1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib.
2001-2003-cü illərdə ARDNŞ-nin “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışmışdır.
2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərmişdir.
2005-сi ildən 2006-cı ilə kimi AGF-nin Baş meneceri vəzifəsində çalışmışdır.
2006-cı ildə AGF-nin növbəti hesabat-seçki konfransında federasiyanın Baş katibi seçilmişdir.
2006-2007, 2008-2009 və 2013-2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa Çempionatı (2007, 2009, 2014) üzrə Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini daşımışdır.
2008-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 77-ci Konqresində (17-19 oktyabr, Helsinki, Finlandiya) həmin qurumun Şura üzvü seçilmişdir (2008-2012-ci Olimpiya dövrü üzrə).
2010-cu il 25 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinə yenidən seçilmişdir.
2012-ci ildə FIG-nin 79-cu Konqresində (25-27 oktyabr, Kankun, Meksika) yenidən həmin qurumun Şura üzvü seçilmişdir.
2013-cü ildə Portoroj şəhərində (6-7 dekabr, Sloveniya) keçirilən Avropa Gimnastika İttifaqının 25-ci Konqresində həmin təşkilatın Vitse-prezidenti vəzifəsinə seçilmişdir. Bununla əlaqədar olaraq FIG-nin Şura üzvlüyündən imtina etmişdir.
2013-cü ildən Milli Olimpiya Komitəsinin (MOK) üzvüdür.
2014-2015-ci illərdə İlk Avropa Oyunlarına (Bakı-2015) test turniri xarakteri daşıyan 6 gimnastika növü üzrə Birgə Açıq Azərbaycan Çempionatının (2015) Yerli Təşkilat Komitəsində İcraçı Direktor vəzifəsini daşımışdır.
2015-ci il 24 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinə yenidən seçilmişdir.
2015-2016-cı illərdə Bakıda 2016 və 2017-ci illərdə təşkil olunmuş İdman Gimnastikası üzrə FIG Dünya Kuboku (AGF Trophy, 2016-cı ildə “Challenge” seriyasına aid), Bədii Gimnastika üzrə FIG Dünya Kuboku (AGF Trophy) və Batut Gimnastikası üzrə FIG Dünya Kubokunun (AGF Trophy) Yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsini daşımışdır.
2016-2017-ci illərdə Bakıda FIG-nin Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik və Beynəlxalq Hakimlik Kursları, Kişi İdman Gimnastikası üzrə Beynəlxalq Hakimlik Kursları (2017), FIG Şurası (2017), 4-cü İslam Həmrəyliyi Oyunları (2017) çərçivəsində gimnastika yarışlarının yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsini daşımışdır.
Avropa Gimnastika İttifaqı və FIG Konqreslərinin iştirakçısı; Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən, 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa Çempionatlarında Apelyasiya Hakimlər Briqadasının Prezidenti olmuşdur (təyinata əsasən).