Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olublar.
FED.az xəbər verir ki, dövlət başçısı, birinci xanım və qızları Mədəniyyət Evi ilə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşüblər.
Prezident İlham Əliyev bildirib ki, birinci dəfədir ki, Qonaqkənddədir:
“Bildiyiniz kimi, mən ilk dəfədir Qonaqkənddəyəm. Amma bu kənd haqqında çox eşitmişəm və bilirəm ki, bu kəndin Azərbaycan tarixində çox böyük yeri var, tarixi yerdir, tarixi yaşayış məskənidir. Bilirəm ki, Qonaqkənd camaatı həmişə zəhmətkeş olub, həmişə mərd olub, həmişə Azərbaycan dövlətçiliyinin keşiyində durub. Onu da bilirəm ki, bu kəndin əsas problemi yol problemi idi.
Doğrudan da, bu yolun çəkilməsi hesab edirəm ki, tarixi hadisə sayıla bilər. Quba rayonunda əhəmiyyət baxımından bir Xınalıq yoludur, bir də Qonaqkənd yolu idi. Xınalıq yolu da keçilməz bir yol idi, oraya da gedib çatmaq üçün saatlarla vaxt lazım idi və qış aylarında, ümumiyyətlə, təcrid vəziyyətində idi. Qonaqkənd də, həmçinin. Vahid müəllim də, Quba ictimaiyyəti də dəfələrlə bu məsələni qaldırmışdı. Nəhayət biz buna nail olduq. İndi Qubadan buraya təxminən yarım saata gəlmişəm. Düzdür, mən gələndə yollar açıq olur, amma hər halda 40-45 dəqiqəyə gəlmək olar”.