Azərbaycanda çayçılığın inkişafı və daxili bazarın qorunması məqsədilə xaricdən gətirilən çaylar üçün vergilər artırıla bilər.
FED.az xəbər verir ki, prezident İlham Əliyev bu gün «Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün DÖVLƏT PROQRAMI»nı təsdiqləyib. Sənəddə nəzərdə tutulan tədbirlərdən biri də daxil bazarın qorunmasıdır.
Belə ki, proqramma əsasən, çay istehsalı və emalı sahəsində keyfiyyətə nəzarətin təkmilləşdirilməsi və daxili bazarın qorunması üçün təkliflər hazırlanmalıdır. Bu iş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə tapşırılıb və 2018-2027-ci illəri əhatə edəcək.
Yeri gəlmişkən, proqramın girişində xatırlanır ki, dünyanın əsas çay istehsaçılarından olan Türkiyədə yerli bazarın qorunması məqsədi ilə ölkəyə idxal olunan çaylara 145 faiz gömrük rüsumu tətbiq edilir.
Xarici çaylar üçün rüsumlar artırıla bilər - YENİLİK
20:07
12 Fev 2018