Dövlət

Xaricdən avtomobil gətirənlərlə bağlı -  GÖMRÜK KOMİTƏSİNDƏN AÇIQLAMA

Xaricdən avtomobil gətirənlərlə bağlı -  GÖMRÜK KOMİTƏSİNDƏN AÇIQLAMA | FED.az
11:01 2 Avq 2019

Xaricdən Azərbaycana avtomobil gətirənlər son vaxtlar maraqlı yeniliklə üzləşiblər.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində idxalçılara qarşı yeni tələblər irəli sürülüb. Yeniliyə əsasən 1 il ərzində ölkəyə 2-dən artıq avtomobil gətirən şəxs vergi orqanlarında qeydiyyata dayanmalı, VÖEN açmalı və sahibkar kimi vergiyə cəlb edilməlidir. Daha sadə desək, bir adamın adına 1 il ərzində 2 dən artıq avtomobil gətirilirsə, həmin şəxs vergi verməlidir.

Dövlət Gömrük Komitəsində FED.az-a belə yeniliyin olduğunu təsdiqləyiblər. Komitədən FED.az-ın sorğusuna cavab olaraq xaricdən avtomobil gətirən fiziki şəxslərlə bağlı yeni tələblərə aydınlıq gətirilib.
DGK-dən bildirilib ki, bu yenilik Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları»na əsasən tətbiq edilir. Həmin qərara görə, «fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir».
 
Bu Qaydaların tələblərinə əsasən fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar gömrük ödənişlərindən azad olunmaqla güzəştli və ya gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş bəyannamə gömrük orqanlarına bəyan edilməklə, gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilir.
Komitə bildirir ki, mövcud qanunvericiliyə əsasən fiziki şəxslər tərəfindən istehsal və yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malların gömrük rəsmiləşdirilməsi yalnız VÖEN əsasında həyata keçirilməlidir.
 
«Lakin aparılmış təhlillər nəticəsində müəyyən olunur ki, bəzi hallarda fiziki şəxslər tərəfindən qısa müddət ərzində bir neçə nəqliyyat vasitəsi ölkə ərazisinə idxal edilsə də, onlar kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi gömrük orqanına bəyan edilir.  
Odur ki, fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin ölkə ərazisinə idxalı həyata keçirilərkən Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarının tələblərinə ciddi əməl edilərək onların istifadə təyinatı, miqdarı, habelə sərhəddən keçirilmə mütəmadiliyi nəzərə alınmaqla kommersiya məqsədləri üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin ölkə ərazisinə idxalı zamanı gömrük rəsmiləşdirilməsi VÖEN tələb edilməklə həyata keçirilir».
 
Komitədən bildirilib ki, idxal-ixrac əməliyyatları zamanı  vergi uçotunun düzgün aparılması, şəffaflığın təmin edilməsi məqsədilə vergi və gömrük orqanları birgə fəaliyyət göstərir: «Bu əməkdaşlıq çərçivəsində vergi uçotunun daha dəqiq aparılması üçün fiziki şəxslər tərəfindən  kommersiya məqsədilə idxal edilən avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin VÖEN əsasında həyata keçirilməsi vacibdir»-deyə komitənin FED.az-a açıqlamasında bildirilir.

Digər xəbərlər