Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
FED.az xəbər verir ki, görüşdə iştirak edən Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov maraqlı təkliflə çıxış edib:
“Cənab Prezident, özümü xoşbəxt hiss edirəm ki, Sizinlə ikinci səfərdir, şəxsən görüşürəm. Mən Allah-Təaladan razıyam ki, Sizi Azərbaycana bəxş edib. Sizin kimi hərtərəfli sərkərdəni, şəxsiyyəti bizim Azərbaycana bəxş edib. Bizim xalqımız dövlət ətrafında yumruq kimi birləşdi və sözünü dedi. Bu hamısı Sizin rəhbərliyinizlə olmuş hadisədir, bunu hamı bilir. Siz polad sinəli, genişürəkli, əvəzsiz bir sərkərdəsiniz.
Sizin keçdiyiniz yol, əldə etdiyiniz Qələbə mənim bu dediklərimə möhür vurur, təsdiq edir. Mənim uzun müddətdir qəlbimdə gəzdirdiyim bir fikrim var, onu çatdıracağam. Mən bütün qədirbilən xalqımızdan xahiş edirəm, mənim fikrimi təsdiq etsin, alqışlasın.
Bizim qanunverici orqanımız olan Milli Məclisdən xahiş edirəm ki, Müzəffər Ali Komandan, Prezidentimiz cənab İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adı verilsin. Xahiş edirəm ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin”.
Prezident bu təklifi qəbul etməyəcəyini bildirib: “Mən veto qoyacağam ona (daimi prezidentlik haqqında qanuna və ya təklifə - FED.az), mənim belə hüququm var. Çox sağ olun, təşəkkür edirəm, sağ olun. Bu səmimi sözlərə görə minnətdaram. Ancaq mənim üçün ən böyük mükafat bax, sizin burada olmağınızdır, keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur. Budur mənim üçün ən böyük mükafat".
Mən demişdim, məcburi köçkünlərlə mən dəfələrlə görüşmüşdüm. İndi təsəvvür edin, 100-dən çox qəsəbə salındı, yəni, ev yox, məcburi köçkünlər üçün qəsəbə. Mən hər bir açılışda olmuşam, hər bir açılışda.
Ümumiyyətlə, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Çünki bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm, İnşallah, sizinlə bərabər”, - dövlət başçısı bildirib.