Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Xaçmaz şəhərində abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən 12 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Prezidentin digər sərəncamı ilə, Xızı şəhərində 1 nömrəli tam orta məktəbin 420 şagird yerlik yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,8 milyon (dörd milyon səkkiz yüz min) manat, o cümlədən 1 nömrəli tam orta məktəbin yeni binasının tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,8 milyon (üç milyon səkkiz yüz min), abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Xızı Rayon İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılıb.