Bu gün Azərbaycanın tanınmış, peşəkar sığorta meneceri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sədrinin müşaviri Vüqar Babakişiyevin 45 yaşı tamam olur.
Qeyd edək ki, Vüqar Babakişiyev hüquq və iqtisadiyyat sahəsi üzrə təhsil alıb və magistr dərəcəsinə sahibdir. O, təhsili ilə yanaşı maliyyə sahəsində zəngin təcrübəyə də malikdir, Azərbaycanın maliyyə sahəsində, xüsusən də sığorta sektorunda ən təcrübəli, peşəkar və savadlı kadr kimi tanınır.
Maliyyə sahəsindəki fəaliyyətinə 2001-ci ildən başlayan Vüqar Babakişiyev bu sahədə 20 ildən artıq bir müddət ərzində, bazarın tanınmış, aparıcı şirkətlərində müxtəlif vəzifələrdə çalışaraq, İdarə Heyətinin sədri, Direktorlar Şurasının üzvü vəzifəsinədək yüksəlib.
Vüqar Babakişiyev 2001-ci ildən “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində İdarə Heyəti sədrinin müşaviri təyin olunub. Öz peşəkar və məsuliyyətli fəaliyyətinin nəticəsi olaraq Dövlət Sığorta Şirkətinin Beynəlxalq Əlaqələr və Təkrarsığorta Departamentinin direktoru, “Günay Sığorta” şirkətinin İdarə Heyətinin sədri, “Günay Sığorta” şirkətinin Direktorlar Şurasının üzvü vəzifələrini icra edib.
Rəhbərliyin etimadını qazanan Vüqar Babakişiyev daha sonra Dövlət Sığorta Şirkətində İdarə Heyəti sədrinin Baş müşaviri, İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.
Onun Azərbaycan sığorta sektorunun inkişafında, xüsusən də, Dövlət Sığorta Şirkəti və “Günay Sığorta” şirkətinin korporativ bir şirkətə çevrilməsində rolu böyükdür.
FED.az komandası adından Vüqar müəllimi təbrik edir, işlərində uğurlar arzulayırıq.