İnformasiya texnologiyaları sahəsində tanınmış ekspert Osman Gündüz prezident İlham Əliyevin regoinlara sonuncu səfəri və burada müşahidə etdiyi fərqli məqamlarla bağlı fikirlərini bölüşüb.
FED.az xəbər verir ki, ekspert səfərin və dövlət başçısının əhali ilə kontaktının bu dəfə fərqli qurulduğunu qeyd edib. Eləcə də onun fikrincə, görüşdən sonra verilən açıqlamalar əhalini narazı salan mənmurlara güzəşt edilməyəcəyindən xəbər verir.
Eləcə də bax: İlham Əliyev: "Ərizələri köməkçilərimə verin, hamısına baxılacaq" - VİDEO
"Prezidentin regionlara son səfərində fərqli məqamlar.
Martın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda və Ağsuda səfərdə olublar.
Eləcə də bax: Niyə Bakıdan uçmaq Tbilisidən 3 dəfə bahadır? - STATUS
Bu səfərləri əvvəlkilərdən kəskin fərqləndirən iki mühüm məqam diqqətimi cəlb etdi.
Bu görüşdə adi, qabaqcadan müəyyən olunmayan vətəndaşların dövlət başçısı ilə birbaşa təmasına, hətta ŞİKAYƏT MƏKTUBLARI təqdim edilməsinə maneçilik yaradılmayıb.
Sirr deyil ki, əvvəlki görüşlərdə bu tip imkanlar təsadüfi ola bilərdi.
Hər şey protokola uyğun olaraq, XDMX –nin və polisin ciddi nəzarəti ilə aparılırdı. Rayonlarda söhbət etdiyim insanlar görüşlər zamanı hətta uzaqdan baxmaq üçün ciddi problem yaradıldığını bildirirdilər.
İndi isə tam fərqli bir situasiyadır.
Həm də bu cür məktub təqdim edilməsindən sonra Prezidentin ərazi-təşkilat (“orq. otdel”) məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bütün şikayətlərin dərhal nəzarətə götürüldüyünü də açıqlayıb.
Bu, əslində məmurlar üçün olan mesajdır...
Sovet dövründə “orq otdel” icra sistemində ən ciddi , ən üstün vəzifə hesab olunurdu. Bütün vəzifəlilər bu qurumdan çəkinərdilər. Bütün icra başçıları və bütün təyinatlar bir başa bu şöbəyə tabe idi.
Əgər görüşdən sonra, keçmiş komsomol kadrı, öz sahəsi üzrə peşəkar olan Zeynal müəllim bu tip açıqlamalar veribsə demək vətəndaşları narazı salan məmurlarla bağlı tam yeni yanaşma olacağını gözləmək olar. Zeynal müəllimin icra başçılarına dolayısıyla demək istədiyi odur ki, artıq məktubların ünvanına yetişməyəcəyinə arxayın olmasınlar.
Görüşlərdə ikinci diqqət çəkən məqam Prezidentin maşının pedalına çıxıb MOBİL SƏSGÜCLƏNDİRİCİ ilə çıxış etməsi oldu. Fotolardan görünür ki mobil səsgücləndiricini daşımaq üçün xüsusi adam da ayırıblarmış.
Bilmirəm bu, yeni icra başçısı Tahir mm- in ideyasıdı yoxsa Prezidentin köməkçilərinin, istənilən halda yaxşı düşünülmüşdü.
Qeyri- adi situasiyalarda nəinki insanların başı üstünə, maşının üstünə, hətta tankın üstünə çıxıb çıxış edənlər də olub...
Beləliklə , buradan belə qənaətə gəlmək olar ki, indiki məqamda əsas diqqət, əsas məqsəd təm –taraqlı görüşlər , ciddi protokol qaydaları deyil , vətəndaşı razı salmaq olub.
Doğru yanaşmadır.
Ümid edirəm davamlı olacaq və islahatlar bütün sahələrdə davam etdiriləcək.
Eyni zamanda, bir daha burada qeyd etmək istərdim ki, mərkəzi icra orqanları rəhbərlərinin vətəndaşlarla görüşlərinin formatı və innovativliyi ilə bağlı mövcud proseduraları tez bir zamanda dəyişmək də doğru olardı".