Azərbaycanda sahibkarlar üçün vergi güzəştləri başlayır. Vergilər Nazirliyi iş adamlarını nağdsız əməliyyatlara, vergi sanksiyalarını vaxtında ödəyə və ixraca həvəsləndirmək üçün yeni mexanizmlər hazırlayıb. Bu barədə FED.az-a nazirlikdən bildirilib.
Bu gün Nazirlikdə «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»nin Tədbirlər Planında nəzərdə tutulmuş səmərəli vergi sisteminin təşviqi edilməsi tədbiri ilə bağlı 2017-ci il ərzində görülmüş işlər müzakirə edilib. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva vergilər nazirinin müvafiq əmri ilə yaradılmış işçi qrupun fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, tədbirlərin sahibkarların üzləşdiyi problemlərlə yaxından tanış olmaq, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərini müzakirə etmək üçün onlarla görüşlər keçirilib.
Bu işlərin nəticəsi olaraq, nazirlik ötən dövr ərzində mağaza və restoranlarda kartla əməliyyatlara vergi güzəştlərinin tətbiqi üzrə mexanizm hazırlayıb. Bundan başqa nazirlik həmin sahibkarlara hesablanmış vergi və maliyyə sanksiyalarının ödəmə müddətindən tez ödənilməsinə görə maliyyə güzəştlər tətbiq edəcək. Bununla yanaşı, istehsal sahəsi, daşınmaz əmlak və işçi qüvvəsi ilə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda ixrac yönümlü məhsulların istehsalı fəaliyyəti ilə məşğul olan ixracatçılara, eləcə də müəyyən edilmiş şərtlər daxilində özəlləşdirilən dövlət müəssisələrinin əmlak vergisi üzrə növbəti üç il üçün vergi güzəştlərinin tətbiqi ilə əlaqədar mexanizmlər də hazırlanıb.
S.Musayeva bildirib ki, işçi qrup tərəfindən ölkənin sosial-iqtisadi siyasəti nəzərə alınmaqla vergi güzəştlərinin və azadolmalarının monitorinqinin aparılması, onların səmərəliliyinin müəyyən edilməsi, eləcə də vergi qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihə hazırlanıb. Bu sənədlərdə sabit vergi məbləği haqqında qəbzin əhatə dairəsinin genişləndirilməsi, eləcə də hüquqi şəxslərin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi, məlumat dəyişikliyi prosedurunun sadələşdirilməsi kimi məsələlər nəzərdə tutulub.
Vergilərdən sahibkarlara sürpriz – YENİ GÜZƏŞTLƏR BAŞLAYIR
22:05
15 Noy 2017