FED.az xəbər verir ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında vergi və gömrük sahəsindəi islahatların nəticəsindən və həmin xidmətlərinin fəaliyyətindən razı qaldığını bildirib.
«Burada qeyd olundu ki, gömrük sahəsində aparılan islahatlar nəticəsində biz büdcəmizi böyük dərəcədə artıra bilmişik. Hətta keçən il dürüstləşmə apararaq büdcəmizi artırmışıq ki, əlavə işləri görə bilək. Həm sosial sahəyə, həm də infrastruktur layihələrinin icrası ilə bağlı əlavə vəsait ayrıldı. Bütün bunlar nəyə görə mümkün olmuşdur?
Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur.
Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir.
Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaqdır. Bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır. Yəni, tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin timsalında biz gözəl nəticələri görə bilmişik".
Prezident bildirib ki, aparılan islahatlar nəticəsində həm ölkənən gəlirləri artacaq, - artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, - eyni zamanda, kölgə iqtisadiyyatına böyük zərbə vurulacaq: "Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq. Vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır. Hesab edirəm ki, icbari tibbi sığortanın tam işə düşməsi nəticəsində qanunsuz məşğulluq bir amil kimi, ümumiyyətlə, aradan qaldırılacaq. Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır. Heç bir qanunsuzluğa yol verilməyəcək və hər kəs nəticə çıxarsın. Ona görə bu il də islahatların dərinləşməsi istiqamətində çox ciddi addımlar atılacaq. Bu, təkcə vergi və gömrük sahələrinə aid deyil. Eyni zamanda, sosial sahədə çox ciddi islahatlar aparılır. Bu gün onların bir hissəsi səsləndirildi. Bu sahədə də vaxtilə çox böyük pozuntular, ədalətsizliklər olub. Bütün bunlar indi aradan qaldırılır və bu sistem də vətəndaşlara tam ədalətli xidmət edəcək".