Venesuelada Maduro hökumətinə qarşı kütləvi etiraz aksiyalarında azı 83 nəfər saxlanılıb.
FED.az xəbər verir ki, bu haqda “Venesuela Cinayət Forumu” qeyri-hökumət təşkilatının rəhbəri Alfredo Romero “Twitter” hesabında yazıb.
Təşkilatın hesablamalarına görə, saxlanılanların çoxu Suliya ştatında keçirilən mitinqin iştirakçıları olub. Digər bölgələrdə saxlanılanların sayı bir-dörd arası dəyişir.
Xatırladaq ki, Venesuelanın müxalifət lideri Xuan Quaydo ordunu hazırkı prezident Nikolas Maduronu devirməyə səslədikdən sonra ölkədə yenidən vəziyyət gərginləşib.
Venesuela hökümətinin müxalifət tərəfə keçmiş bir qrup hərbçinin planlaşdırdığı hərbi çevriliş cəhdini yatırmaq üçün həyata keçirdiyi əməliyyatlarda ən az 50 nəfər yaralanıb.
Bu barədə ölkənin səhiyyə naziri Maxiya Santi məlumat verib. Onun sözlərinə görə, 30 nəfər rezin güllələrdən, bir nəfər isə odlu silahdan açılmış atəş nəticəsində yaralanıb. Daha öncə qarşıdurmalarda 35 nəfərin yaralandığı bildirilmişdi.
Hazırda paytaxt Karakasda və bir sıra böyük şəhərlərdə hökumət əleyhinə etiraz aksiyaları davam edir.